Monakonun dövlət naziri Kristof Mirman knyazlıqda baş verən partlayışın terror aktı olduğunu bəyan edib.
Oxu.Az bu barədə AFP agentliyinə istinadən xəbər verir.
"Novini.LIVE" portalının mənbələri Monakoda iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdinin baş verdiyini bildiriblər.
Qeyd olunur ki, o, Ukraynanın ən zəngin 100 insanının siyahısına daxildir. 2019-cu ildə sahibkar Ukrayna vətəndaşlığından imtina edərək Kipr vətəndaşlığını qəbul edib. 2023-cü ildə isə Ukrayna Prezidenti Volodimir Zelenski Yermolayevə qarşı fərdi sanksiyaların tətbiq edilməsi barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirib.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Monakoda baş verən güclü partlayış nəticəsində üç nəfər xəsarət alıb.
Oxu.Az "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb. Agentliyin məlumatına əsasən, yaralılardan ikisinin vəziyyəti ağırdır.
BFMTV telekanalının yaydığı məlumata görə, partlayış naməlum şəxsin küçədə bel çantasını qoyub getməsindən sonra baş verib. Şübhəli şəxs hadisə yerindən qaçıb.
Fransız jurnalist Jan-Mark Morandininin "X" sosial şəbəkəsində verdiyi məlumata görə, baş verən partlayış nəticəsində xəsarət alanlar arasında Rusiya və Ukrayna vətəndaşları var.
