İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi ilə ABŞ administrasiyası arasında, o cümlədən İran məsələsində siyasi fikir ayrılığı yoxdur.
Oxu.Az xəbər verir ki, Netanyahu bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ-İsrail münasibətlərini şərh edərkən danışıb.
"Mən hesab etmirəm ki, aramızda fikir ayrılığı var. ABŞ bizi nümunəvi müttəfiq adlandırır. Çünki biz sizin bir çox "müttəfiqlərinizdən" fərqli olaraq, həqiqətən də sizinlə çiyin-çiyinə mübarizə aparırıq", - deyə o bildirib.
Netanyahu vurğulayıb ki, İran məsələsində də tərəflərin məqsədləri üst-üstə düşür.
"Əsas sual budur ki, İranla bağlı məqsədlərimiz fərqlənirmi? Cavab "xeyr"dir. Bizim ortaq məqsədlərimiz var. İranın nüvə silahı proqramından imtina etməsini istəyirik. Zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmasını istəyirik. Uranın zənginləşdirilməsi obyektlərinin sökülməsini istəyirik. Bundan başqa da ortaq məqsədlərimiz var", - deyə İsrailin baş naziri əlavə edib.
ABŞ Prezidenti Donald Tramp isə şənbə günü "Axios"a müsahibəsində bildirib ki, gələn həftə ABŞ-də Netanyahu ilə görüşməyə hazırdır.
Trampın sözlərinə görə, ABŞ-İsrail münasibətlərinə gəldikdə, Netanyahu burada əsas söz sahibinin kim olduğunu bilir.
Portalın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev rəhbərinin bir sıra müşavirləri Netanyahunun son addımlarından narazıdır. Bildirilir ki, son aylarda Trampın ətrafındakı şəxslər İsrailin baş nazirinə qarşı daha skeptik yanaşmağa başlayıb və ondan məyus olduqlarını gizlətmirlər.
Xatırladaq ki, iyunun əvvəlində Tramp "New York Post"a müsahibəsində telefon danışığı zamanı Netanyahunu sərt şəkildə tənqid etdiyini, onu nalayiq ifadələrlə danladığını və "lənətə gəlmiş dəli" adlandırdığını təsdiqləmişdi.
Bundan əvvəl isə "Axios" mənbələrə istinadən yazmışdı ki, Tramp İsrailin Livandakı hərəkətlərinin İranla aparılan danışıqları təhlükə altına saldığını bildirərək Netanyahunu sərt tənqid edib.