Beynəlxalq sülh və rifah üçün Tramp marşrutunun (TRIPP) reallaşdırılması çərçivəsində birgə bəyanatın mənası və praktik əhəmiyyəti ondan ibarətdir ki, sülh Ermənistanda və regionda çox konkret və praktik addımlarla bərqərar olur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində hökumət iclasındakı çıxışından etdiyi paylaşımda bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio yanvarın 13-də Vaşinqtonda keçirilən görüşdən sonra Tramp marşrutu çərçivəsində birgə bəyanat yayıblar. Sənəddə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi və Trans-Xəzər ticarət marşrutuna inteqrasiya da daxil olmaqla, Ermənistan ərazisindən maneəsiz multimodal tranzit qarşılıqlı əlaqənin formalaşdırılmasına yönəlmiş layihənin işə salınması üçün ümumi mexanizm müəyyən edilib.
"Bu, artıq reallığa çevrilib. Biz bərqərar olmuş sülhə qayğı ilə yanaşmalıyıq. Dövlət və cəmiyyət olaraq biz sülh içində yaşamağın nə demək olduğunu bilmirik. Biz bunu yalnız tədricən öyrənirik və bu, çox vacib bir prosesdir. Sülh çox yavaş-yavaş şüurumuza daxil olur və bu, normaldır", - deyə Paşinyan qeyd edib.
O, "yerdə" real sülhün bərqərar olmasına imkan verdiyini yaxşı xəbər kimi qeyd edib.
"İndi razılaşmalar əldə edilməlidir. Ermənistanda TRIPP adlı şirkət yaradılmalıdır. Marşrutlar, inkişaf, torpaqdan istifadə hüquqları və tikintiyə icazələrinin verilməsi müəyyən edilməlidir. Artıq bu gündən etibarən hazırlıqlara başlamaq lazımdır", - deyə Nikol Paşinyan bildirib.
O, daha əvvəllər bəyan edilmiş ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsinə hazır olduqlarını bəyan edib.
"Biz münaqişə məntiqindən imtina etməliyik. Lakin bu, dərhal baş verməyəcək. 35 ildən çoxdur fırlanan təkəri dərhal dayandırmaq mümkün deyil. Sülhdən əldə edilən maddi faydalar çətinliklər və şübhələr ətrafında müzakirələrdən daha çox şey verə bilər. Yeni zamanlar gəlir və biz Ermənistanın və onun vətəndaşlarının inkişafı, azadlığı, xoşbəxtliyi və rifahı üçün bu tarixi fürsətdən maksimum dərəcədə istifadə etmək üçün daha diqqətli işləməliyik", - deyə Paşinyan əlavə edib.