Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə "Hessen" sülh mükafatına layiq görülüb. Ermənistan lideri "nüfuzlu" mükafatı almaq üçün təmtəraqla düz Almaniyaya yollanıb. Orada Visbadendə Hessen bölgəsinin parlamentində Paşinyana sözügedən mükafat təqdim edilib.
Ancaq Paşinyanın Almaniyada aldığı mükafatı onun siyasi karyerasında böyük uğur adlandırmaq mümkün olmazdı. Belə ki, "Hessen" mükafatının tarixinə və təqdim edildiyi şəxslərin siyahısına nəzər saldıqda mütləq şəkildə qərəzli yanaşmanın şahidi olmaq mümkündür. Elə mükafatın bir o qədər də nüfuzlu hesab edilməməsinin arxasında da həmin yanaşmanın dayandığını söyləyə bilərik. Belə ki, hansısa siyasi maraqları təmin edən və bu maraqlara uyğun namizədləri "təyin edən" mükafatın sülh prosesi və sülhə töhfə baxımından heç bir əhəmiyyət daşımadığı aşkardır.
Üstəlik, mükafatın məhz Almaniyadan gəlməsinin özü də, necə deyərlər, heç də sürpriz deyil. Burada Almaniya siyasətində hər zaman rastlaşdığımız ikili standartların hansı dərəcədə rol oynaması yəqin ki, mübahisə predmeti hesab edilə bilməz. Ümumən Almaniya-Ermənistan münasibətlərindəki "yüksələn" qrafik elə sözügedən mükafatın Nikol Paşinyana təqdim edilməsinin arxasında dayanan əsas amildir.
Mükafatın tarixində isə yəqin ki, Nikol Paşinyan qədər ona hörmət bəsləyən və ona can atan ikinci bir siyasi xadim tapmaq müşkül məsələdir. Ermənistan lideri Almaniyanın bir əyalətində təqdim olunan və ən yaxşı halda o əyalətin böyüklüyü qədər nüfuz və prestij vəd edən "hədiyyə"ni almaq üçün birbaşa həmin əraziyə yollanıb. Bu isə hətta "nüfuzlu" mükafatın laureatları siyahısında belə indiyə qədər müşahidə olunmamış bir "ehtiram" nümunəsidir.
Yeri gəlmişkən mükafatın 2019-cu ildə Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə təqdim olunması və sonradan 2021-ci ildə ondan alınması da namizədlərin seçimi prosesində demokratik dəyərlər və sülhə töhfə vermək prinsipinin nə dərəcədə mühüm rol oynadığının bariz sübutu sayılmalıdır.
Bütün bunların fonunda əminliklə söyləmək olar ki, erməni diasporunun fəaliyyəti Avropada hələ də kifayət qədər işlək mexanizmdir. Odur ki, Almaniya siyasətinin sifarişli "hədiyyəsi"ni beynəlxalq dəstək, qiymətləndirmə və ya həmrəylikdən daha çox siyasi motivlər üzərindən oxumaq lazımdır. Siyasi prizmadan baxdıqda isə Almaniya hökumətinin Ermənistana, daha doğrusu onun diasporuna verdiyi "dəyər" olduqca yüksəkdir. Almaniya siyasətinin ümumi mənzərəsinə nəzər saldıqda, Bundestaqın bir çox deputatının yaxın zaman kəsiyində Ermənistana dəstək xarakterli mesajlar ötürdüyünün şahidi olarıq. "Ermənistan demokratiya yuvasıdır", "Ermənistanın Aİ-yə inteqrasiya hər zaman gündəmdə qalmalıdır" kimi əzizləmələr rəsmi Berlinin siyasi maraqlarının hansı səpkidə olmasıyla bağlı aydın təsəvvür yaradır. Bu mənada da Avropanın böyük dövlətlərindən sayılan Almaniyanın ikili standartlarının nə dərəcədə kəskin xarakter almasının şahidi oluruq. Belə ki, Aİ ilə münasibətlər, Avropaya inteqrasiya, demokratik təsisatların yaradılması və inkişafı kimi proseslər uzun illərdir qonşu Gürcüstanda da aparılır. Ancaq Berlindən bu uzun illər ərzində Ermənistana edilən mədhiyyələrin heç birini müşahidə edə bilməmişik. Bu iki ölkə arasındakı fərqin nədən ibarət olması isə gün kimi aydındır... Siyasi maraqlar, diaspor və təbii ki, potensial...
Yeri gəlmişkən, alman deputatların böyük şövqlə bəhs etdiyi Ermənistan demokratiyası bu gün, bəlkə də, hər zamankindən daha ağır durumdadır. Siyasi təqiblər, müxalifət, erməni kilsəsi, iqtidar üçbucağında kəskinləşən mübarizə, demokratik fikir, yoxsa təxribat olduğu anlaşılmayan açıqlamaların bəh-bəhlə tirajlandığı siyasi mühitdə qarşıdurmalar və s. bu ölkənin siyasi mənzərəsini nə qədər bulandırsa da, Almaniya aysberqin sadəcə özünün gördüyü (görmək istədiyi - red.) hissəsinə baxır. Odur ki, Ermənistanla münasibətlərin inkişafı, qadağaların aradan götürülməsi, iqtisadi münasibətlərin inkişafına meyil göstərilməsi kimi bir çox proses sadəcə Berlinin Ermənistanda gördüyü "potensial"ın yaratdığı iştaha ilə əlaqələndirilə bilər. Almaniya ikili standartların tüğyan etdiyi bir ölkə kimi öz mövqeyinə uzun illərdir "sadiq" qalır. Sonuncu proseslər də göstərir ki, Ermənistan-Almaniya münasibətləri məhz həmin standartların kölgəsində "inkişaf edir". Bir şərtlə ki, qarşılıqlı maraqlar təmin olunsun, diasporun pulları düzgün yerlərə yönəlsin...
Berlinin Ermənistan sevgisi isə elə hansısa bir əyalətin küncündə verilən mükafat qədər dəyərli və etibarlıdır. Bu sevginin arxasınca Visbadenə qaçmaq da, bu sevginin arxasında səmimiyyət axtarmaq da, siyasi uğur hekayələri uydurmaq da sadəcə böyük bir xülyadır...