Katovitse məhkəməsi müflis olmuş "Zondacrypto" kriptovalyuta şirkətindən rüşvət almaqda təqsirləndirilən Polşa Olimpiya Komitəsinin sədri Radoslav Peseviçin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Oxu.Az "TVP Info" telekanalına istinadən xəbər verir ki, məlumatı Polşa Baş prokurorunun mətbuat katibi Anna Adamyak brifinq zamanı açıqlayıb.
Respublika prokurorluğunun məlumatına görə, Peseviç iki cinayət əməlində ittiham olunur: 170 min zlotı (təxminən 77 min manat) dəyərində saat müqabilində Rəqabətin və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsində "Zondacrypto"nun maraqlarının lobbiçiliyi, eləcə də 2026-cı ilin aprelində şirkətin müflisləşməsindən əvvəl kriptovalyuta hesablarından təxminən 200 min avro (təxmini 396 min manatı) çıxarmaq üçün firmadakı əlaqələrindən istifadə etmək. Onu bu ittihamlara əsasən səkkiz ilə qədər həbs cəzası gözləyir.
Peseviç isə irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir.
Polşa Olimpiya Komitəsinin rəhbəri avqustun 27-də Varşavada saxlanılıb. Qeyd edək ki, 2026-cı ilin aprel ayında Polşa prokurorluğu 350 milyon zlotı və ya 95 milyon dollar (159 milyon manat) məbləğində dələduzluq və çirkli pulların yuyulması ilə bağlı "Zondacrypto" şirkətinə qarşı cinayət işi açıb.