Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Rolls-Royce" Britaniyanın sualtı qayıqları üçün nüvə reaktorlarını hazırlayacaq
Britaniya hökuməti sualtı donanmasının modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqlar üçün nüvə reaktorlarının yaradılmasına dair "Rolls-Royce" şirkəti ilə 11 milyard dollar dəyərində müqavilə bağlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Britaniya hakimiyyətinin məlumatında bildirilib.
Qeyd edilib ki, "Unity" sazişi Birləşmiş Krallığın sualtı qayıqları üçün nüvə reaktorlarının layihələndirilməsi, istehsalı və dəstəklənməsini nəzərdə tutur.
"Rolls-Royce" ilə yeni müqavilə Birləşmiş Krallığın təhlükəsizliyinin, həmçinin 2021-ci ildə ABŞ, Britaniya və Avstraliyanın daxil olduğu "AUKUS ittifaqı" çərçivəsində tərəfdaşlığın gücləndirilməsinə kömək edəcək", - deyə məlumatda vurğulanıb.
Britaniya ilk olaraq "SSN-AUKUS" sualtı qayıqlar seriyasının tikintisini həyata keçirməyi planlaşdırır. 2030-cu ildən sonra inşaat Avstraliyaya köçürüləcək və 2040-cı illərin əvvəlində Kanberra öz istehsalı olan ilk sualtı qayığı əldə edəcək.