Rusiyadan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təyinat nöqtəsinə keçib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasından İran İslam Respublikasına göndərilən dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım bir qədər əvvəl "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb. Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan ərazisi vasitəsilə İrana keçidi təmin olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük avtomobillərinə yüklənib. Yardım daşıyan nəqliyyat vasitələri "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrana keçəcək.
Bildirilib ki, Rusiyadan İrana göndərilən tibbi yardımın ümumi çəkisi 13 tondur.
Rusiya İrana humanitar yardım göndərib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.
On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisindən tranzit daşınma ilə İrana 13 ton həcmində tibbi vasitələr göndərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sözügedən humanitar dəstək Rusiya dövlət başçısı Vladimir Putin və nazir Aleksandr Kurenkovun xüsusi tapşırığı əsasında icra olunur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.