Ötən gecə Rusiya ordusu Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib, nəticədə yanğınlar qeydə alınıb və yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə UNIAN agentliyi xəbər yayıb.
Gecə saatlarında paytaxtda ballistik raketlərin tətbiqi təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib və qısa müddət sonra partlayışlar baş verib. Kiyev Şəhər Hərbi Administrasiyasının verdiyi məlumata əsasən, Şevçenko rayonunda anbarlarda yanğın meydana gəlib və bir nəfərin yaralandığı qeyd olunub.
Səhər saatlarında isə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti paytaxta edilən hücumun fəsadlarını nümayiş etdirib.
Xilasedicilərin məlumatına görə, Şevçenko rayonunda yerləşən uşaq xəstəxanalarından birinin ərazisinə mərmi düşüb.
"Ərazidə iki çuxur yaranıb, binanın pəncərələri və qaz boru kəməri zərər görüb. Qaz xidmətinin işçiləri sızmanı aradan qaldırıblar. Xoşbəxtlikdən, tibb işçiləri və uşaqlar sığınacaqda olublar. Həlak olanlar və xəsarət alanlar qeydə alınmayıb", - deyə qurumdan vurğulanıb.
Eyni zamanda, Şevçenko rayonunun digər ərazisində 1 200 kvadratmetr sahəni əhatə edən anbar kompleksində dağıntılar və yanğın baş verib. Hücum nəticəsində bir qadının xəsarət aldığı müəyyənləşib.
Zaporojye şəhərinə edilən hücumlarda isə ölənlərin sayı altı nəfərə çatıb. 19 nəfər yaralanıb.
Dnepropetrovsk vilayətində isə Rusiya ordusu artilleriya və dronlardan istifadə etməklə beş rayona 20 dəfədən çox zərbə endirib. Nəticədə üç nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Rusiya Silahlı Qüvvələrinin Zaporojye şəhərinə ardıcıl aviazərbələr endirməsi nəticəsində ölənlər və yaralananlar var.
Oxu.Az xəbər verir ki, bu barədə UNIAN agentliyi Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.
"Beş nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb. Əfsuslar olsun ki, Zaporojyeyə edilən hücum nəticəsində zərərçəkənlərin sayı çoxalır", - deyə açıqlamada qeyd olunur.
Onun sözlərinə görə, Rusiya ordusu sənaye obyektlərini və infrastrukturu hədəfə alıb, qeyri-yaşayış binalarına ziyan dəyib.
"Yaşayış evləri, qeyri-yaşayış tikililəri zədələnib, elektrik enerjisi kəsilib və yanğınlar qeydə alınıb", - deyə o bildirib.
Bundan əlavə, gecə vaxtı Kiyev istiqamətinə də ballistik raketlər atılıb.
Kiyev Şəhər Administrasiyasının məlumatına əsasən, Şevçenko rayonunda anbar sahələrində yanğın başlayıb. Bir nəfərin xəsarət aldığı bildirilir.