Rusiya silahlı qüvvələri Kiyev avtomagistralının Xarkov və Poltava şəhərləri arasındakı hissəsində yerləşən bütün yanacaqdoldurma məntəqələrini (YDM) sıradan çıxarıblar.
Oxu.Az-ın 2day.kh.ua saytına istinadən yaydığı xəbərə əsasən, bu barədə məlumatı Xarkov vilayət şurasının deputatı Aleksandr Skorik təqdim edib.
Onun sözlərinə görə, iyulun 26-na keçən gecə Rusiya ordusu sözügedən yolda eyni vaxtda üç YDM-ə hücum edib. Zərbələr Valkı, Şarovski və Qontov Yar ərazilərində qeydə alınıb. Ümumilikdə isə Xarkov vilayəti ərazisində 80-dən artıq yanacaqdoldurma stansiyası dağıdılıb.
"Hazırda Xarkov-Kiyev avtomobil yolunun Xarkovdan Poltavaya qədər olan hissəsindəki bütün stansiyalar tamamilə məhv edilib. Buraya Valkı qəsəbəsi, Çutovo şəhəri və Poltava istiqamətindəki digər məntəqələr daxildir", - deyə A. Skorik qeyd edib.
Deputat həmin istiqamətdə hərəkət etmək istəyən sürücülərə müraciət edərək, əvvəlcədən kifayət qədər yanacaq tədarükü görməyi tövsiyə edib. O vurğulayıb ki, adıçəkilən yolda avtomobilə yanacaq vurmaq üçün demək olar ki, heç bir imkan mövcud deyil.
Bununla belə, Xarkov vilayətinin özündə hər hansı yanacaq böhranı müşahidə olunmur.