Rusiyanın Kursk və Bryansk vilayətlərində körpülərin uçması partlayışlar törədilməsi nəticəsində baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, İK hər iki hadisəni terror aktı kimi təsnif edib. Cinayət işi qaldırılıb. İş baxılması üçün İK-nin Baş İstintaq İdarəsinə verilib.
Qeyd edək ki, mayın 31-də Bryanskda sərnişin qatarı hərəkət edərkən körpü uçub. İyunun 1-nə keçən gecə isə Kurskda körpünün uçması nəticəsində hərəkətdə olan yük lokomotivi relsdən çıxaraq aşıb.
İyunun 1-də Moskva vaxtı ilə saat 02:21-də (Bakı vaxtı ilə 03:21-də - red.) Rusiyanın Kursk vilayətində körpü uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Rusiya Dəmir Yolları"nın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində yalnız bir nəfər - maşinist xəsarət alıb:
"Yük qatarının üç boş vaqonu və teplovoz körpünün uçması səbəbindən relsdən çıxıb. Hadisə zamanı lokomotivin bir hissəsi yanıb, yanğın qısa zamanda söndürülüb".
Bu, Rusiyada 24 saat ərzində ikinci körpü uçması hadisəsidir. Oxşar hadisə mayın 31-də axşam saatlarında Bryansk vilayətində baş verib.
Bryansk vilayətində hadisə nəticəsində sərnişin qatarı relsdən çıxıb və nəticədə yeddi nəfər ölüb, 69 nəfər yaralanıb.
Bryanskın qubernatoru Aleksandr Boqomaz qatar hərəkətdə olarkəm körpünün partladıldığını bildirib.