Rusiyanın Tambov vilayətinin Miçurinsk şəhərində yüksək sürətlə hərəkət edən "Lada Priora" markalı avtomobil yolu keçən piyada izdihamına çırpılıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə rayon administrasiyasından yüz metr aralıda, "İnternatsionalnaya" küçəsində yerləşən əsas poçt binasının yaxınlığında baş verib.
Bildirilir ki, "Lada"nın sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayıb və sürəti azaltmadan yaşıl işıqda piyada keçidindəki insanların üzərinə sürüb, özünün avtomobili isə səkiyə çırpılıb.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Zərərçəkənlər kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sıyrıqlar ilə xəstəxanaya yerləşdirilib.
Sürücü qaçmağa çalışsa da, hadisə şahidləri ona imkan verməyiblər və polis gələnə qədər tutub saxlayıblar.
İlkin məlumata görə, avtomobilin sürücüsünün Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Narkotski soyadında əməkdaşı olduğu iddia edilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
