2026-cı ilin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 19.7 milyard dollar həcmində azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən məlumat yayıb. Bildirilib ki, siyahıdakı ən varlı rusiyalıların ilk beşliyinə sərvəti 27.7 milyard dollar qiymətləndirilən "Severstal"ın təsisçisi Aleksey Mordaşov başçılıq edir. Reytinqdə sonrakı yerləri "Novatek"in rəhbəri Leonid Mixelson (24.1 milyard dollar), "Nornikel"in prezidenti Vladimir Potanin (22.7 milyard dollar), NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin (22.5 milyard dollar) və "LUKOIL"un əsasını qoyan Vahid Ələkbərov (20.7 milyard dollar) tuturlar.
Qlobal reytinqə 888 milyard dollarlıq sərvətlə "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask rəhbərlik edir. Dünyanın ən zənginləri onluğunun ilk beşliyinə, həmçinin "Google"un həmtəsisçisi Larri Peyc (291 milyard dollar), "Amazon"un təsisçisi Ceff Bezos (281 milyard dollar), "Google"un digər həmtəsisçisi Sergey Brin (271 milyard dollar) və "Dell Technologies"in baş direktoru Maykl Dell (232 milyard dollar) daxil olublar.
BBI reytinqi dünyanın ən zəngin 500 adamını, o cümlədən 18 Rusiya vətəndaşını əhatə edir. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin cari dəyəri əsasında hesablanır.