"Ebola virusu yoluxma riskinə görə hantavirusdan qat-qat təhlükəlidir".
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə rusiyalı virusoloq-mütəxəssis Anatoli Altşteyn məlumat verib.
O qeyd edib ki, Ebolanın simptomları hantavirusun əlamətlərindən əhəmiyyətli dərəcədə fərqlənir:
"Ebola daha təhlükəlidir və xəstəlik zamanı ölüm göstəricisi olduqca yüksəkdir. Hantavirus isə insanlar arasında çox zəif yayılır", - deyə mütəxəssis bildirib.
A.Altşteyn, həmçinin "MV Hondius" kruiz gəmisində aşkarlanan hantavirus növünün də kifayət qədər yüksək ölüm riski daşıdığını vurğulayıb:
"Ölüm ehtimalı baxımından bu iki virusu müqayisə etmək olar. Lakin gəmidə aşkarlanan hantavirus növünün daxili qanaxmaya səbəb olma ehtimalı daha azdır. O, əvəzində daha çox ürək və ağciyər zədələnmələrinə yol açır".
Qeyd edək ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasının yayılmasını ictimai səhiyyə sahəsində beynəlxalq dərəcəli fövqəladə vəziyyət elan edib. Təşkilatın məlumatına görə, təhlükəli xəstəliyin artıq ölkə hüdudlarından kənara yayılması faktı rəsmən təsdiqlənib.