"ABŞ və İran arasında prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun və kürəkəni Cared Kuşnerin iştirakı ilə çox ciddi danışıqlar aparılıb".
Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İran tərəfinin yalanla bağlı ittihamlarını şərh edərkən deyib.
"Onlar daha səriştəli ictimaiyyətlə əlaqələr mütəxəssisləri işə götürməli olacaqlar... Bizim çox ciddi danışıqlarımız olub. Onları cənab Uitkoff və cənab Kuşner aparıblar. Hər şey, mən deyərdim ki, ideal keçib", - deyə Tramp vurğulayıb.
Daha əvvəl Tramp ABŞ Hərb Nazirliyinə (Pentaqon) İranın energetika sektoruna zərbələri beş gün müddətinə dayandırmaq barədə göstəriş verib. Ağ Ev rəhbərinin sözlərinə görə, bu qərar İran və ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə "çox yaxşı və məhsuldar" danışıqlar aparmasından sonra qəbul edilib. Lakin az keçmədən İran XİN-dəki mənbə Trampın bu bəyanatlarını təkzib edib.
ABŞ prezidenti Donald Trampın İranın enerji infrastrukturuna endiriləcək zərbələrin təxirə salınması və guya Tehranla danışıqlar aparması ilə bağlı açıqlamaları sadəcə ABŞ ordusu üçün vaxt qazandırmaq və enerji qiymətlərini aşağı salmaq cəhdidir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mehr" agentliyi İran Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər yayıb.
Bildirilib ki, ABŞ prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planları həyata keçirmək üçün vaxt qazanmaq səylərinin bir hissəsidir.
"Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi hücumu beş gün təxirə salmağı tapşırdım".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti "Truth Social" hesabında yazıb.
"Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv danışıqların xarakteri və tonuna əsasən, Müdafiə Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı istənilən hərbi hücumu davam edən görüşlərin və müzakirələrin uğurla başa çatmasına qədər beş gün təxirə salmağı tapşırdım", - deyə Ağ Ev lideri bildirib.

Qeyd edək ki, bundan öncə Tramp 48 saat ərzində Hörmüz boğazı açılmayacağı təqdirdə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı genişmiqyaslı hücum vəd etmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.