ABŞ Prezidenti Donald Trampın administrasiyası onun ikinci prezidentlik müddətində xarici vətəndaşların 175 mindən çox vizasını ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.
Məlumata görə, 2025-ci ilin yanvarından etibarən Dövlət Departamenti ölkədə qalma şərtlərini pozan, hüquqpozmalara yol verən, ABŞ vətəndaşlarına qarşı zorakılığa çağırışlar edən, amerikalılara qarşı dələduzluqda iştirak edən, immiqrasiya sistemindən sui-istifadə edən və ya milli təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşların 175 mindən çox vizasını ləğv edib.
Qeyd edək ki, Tramp 2025-ci ilin yanvarında ABŞ-nin 47-ci prezidenti kimi and içdiyi gündən əvvəlki administrasiyanın dövründə ölkəyə təxminən 25 milyon şəxsin qanunsuz daxil olduğunu dəfələrlə bildirib.
Ağ Ev rəhbəri immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu da dəfələrlə bəyan edib.