Ukraynanın Dnepr vilayətində yerləşən Pavloqrad şəhəri Rusiya ordusunun mütəmadi hava və dron hücumlarına məruz qalır.
Baku TV-nin məlumatına görə, cəbhə xəttinə yaxın ərazidə yerləşən şəhərdə təhlükəsizlik vəziyyəti getdikcə pisləşir. Yerli sakinlərin sözlərinə görə, hücumlar, demək olar ki, günaşırı həyata keçirilir.
Müharibənin ağır nəticələri bölgədə yaşayan azərbaycanlılardan da yan keçməyib. Onların arasında Ukrayna polisinin mayoru, 43 yaşlı Çingiz Qurbanov da var.
Uzun illər Dnepropetrovsk vilayətində müxtəlif vəzifələrdə çalışmış Sahib Qurbanovun oğlu Çingiz Qurbanov xidməti ezamiyyət zamanı dron hücumuna məruz qalaraq həlak olub. O, doğulub böyüdüyü Dnepr şəhərində azərbaycanlılara məxsus müsəlman qəbiristanlığında dəfn edilib.
Mərhumun iki övladının olduğu bildirilir. Onun qızı atasının yolunu davam etdirmək qərarına gəlib və Lvov şəhərində polis hüququ üzrə universitetə daxil olub.
Qeyd olunur ki, Dnepropetrovsk vilayətinə Donetsk və Zaporojye vilayətlərindən də böyük qaçqın axını müşahidə olunur. Bölgəyə köçənlər arasında azərbaycanlı ailələr də var.