Yaponiyanın Xirosima şəhərindəki kitabxanada ABŞ tərəfindən çəkilmiş və atom bombasının partlayışının nəticələrini əks etdirən filmin əvvəllər yayımlanmamış kadrları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Livedoor News" xəbər portalı məlumat yayıb.
Məlumata görə, Xirosima Kinoteatrı və Mədəniyyət Kitabxanası "Xirosima və Naqasakinin atom bombardmanlarının nəticələri" adlı filmdə daha geniş görüntü bucağına malik fraqmentlərin olub-olmadığını araşdırıb. Araşdırma nəticəsində əvvəllər yalnız qismən görünən, indi isə konkret şəxsləri tanımağa imkan verən yeni kadrlar aşkarlanıb.

"Hesab edirik ki, kadrlarda görüntüdən çıxarılan şəxslərin kimliyini artıq müəyyənləşdirmək mümkündür. Ümid edirik ki, çoxlu sayda insan bu filmə baxacaq və təkcə bizim üçün deyil, hamı üçün yeni bir kəşf edəcək", - deyə kitabxananın videotexnologiyalar üzrə mütəxəssisi Şinva Sudzuki bildirib.
Yeni görüntüləri bu ilin aprelində istifadəyə verilən xüsusi skaner vasitəsilə əldə etmək mümkün olub. Əvvəllər təsvirlərin bəzi hissələri qırmızı çərçivə ilə örtülmüşdü ki, bu da filmdəki məlumatların dəqiqliyinə mənfi təsir göstərirdi.