Qəzza bölgəsində partlayışlar, mərmilərin səsi, maşınların sirenası demək olar ki, susmur.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, silahlı yaraqlılar tərəfindən yəhudi dövlətinə açılan raket atəşinin cavabı olaraq İsrail bölgəni həm dənizdən, həm də havadan atəşə tutub.
Qəzzanın xəstəxanaları yaralılarla doludur.
Mərmilərdən biri futbol azarkeşlərinin Dünya çempionatının yarımfinal matçını izləməyə toplaşdıqları çimərlikdə partlayıb.
Bu, 2012-ci ildən bəri davam edən zorakılıqların yeni mərhələsidir. Bütün bunlar iyun ayının ortalarında, İordanın qərb sahilində üç yəhudi tələbəsinin oğurlanıb qətlə yetirilməsindən sonra başladı. İsrail hesab edir ki, bu HƏMAS - Fələstin hərəkatının işidir.
Münaqişə ocağına yağ tökən ikinci hadisə isə fələstinli yeniyetmənin oğurlanıb yandırılması oldu. Onun qətlində sağ İsrail ekstremistləri günahlandırılır.
Yaxın şərq müharibə ərəfəsindədir: İsrail quru əməliyyatlarını da istisna etmir.
Yüzlərlə fələstinli Han-Yunisdə yas mərasimində iştirak edib. Burada İsrailin HHQ-nin avia hücumu nəticəsində səkkiz nəfər ölüb. Hamısı bir ailənin üzvləridir. Onların arasında 4 qadın və iki uşaq var. Dəfn etiraz aksiyasına çevrilib.
Eyni zamanda İsrail tank və artilleriyası “Müdafiə sərhəddi” əməliyyatı çərçivəsində Qəzza bölgəsinin sərhəddində mövqe tutub. Bu əməliyyat artıq 3 gündür ki, davam edir. İsrail ordusu əməliyyatın başlamasını Qəzza bölgəsindən Fələstin ekstremistlərinin İsrial ərazisinə onlarla raket atdıqdan sonra elan edib.
Fransız siyasi analitik Jil Kapel – İslam, cihad hərəkatı və ümumilikdə ərəb dünyası üzrə ekspert vəziyyətə dair nəzər nöqtəsini bölüşüb.
- Şahidi olduğumuz vəziyyət olduqca mürəkkəbdir. Bir tərəfdən İsrail, digər tərəfdən isə HƏMAS, onların arasında isə Fəth.
- Onların hər biri öz qaydalarını yürütmək istəyir. Gəlin HƏMAS-dan başlayaq: bu hərəkat, Misirin dəstəyindən məhrum olan kimi getdikcə izolə olunmuşa çevrilir. İsrailə qarşı bu təxribatlar barədə nə düşünürsünüz. HƏMAS nəyə nail olmaq istəyir?
- HƏMAS hərəkatı çox mürəkkəb oyuna girib. Birincisi, o bunu hələ də mövcud olduğunu və Fələstin identivliyinin rəmzi olduğunu sübut etmək üçün edir.
Qəzzada silah çoxdur, və hətta onu İranın və Misirin dəstəyi olmadan istehsal belə edə bilirlər, HƏMAS-ın bu sursatı gec, ya da tez tükənəcək.
- Fəth və HƏMAS-ın saxta barışığından sonra Qəzza bölgəsində nəzarəti geri qaytarmaq üçün Mahmud Abbas heç bir şey etməyib. Sakinlər özlərini atılmış hiss etdilər və HƏMAS-ın dəstəyi yenidən vüsət aldı. Mahmud Abbas indi nə edə bilər?
- İndi Mahmud Abbas çətin ki, çox şey edə bilsin, çünki onun həqiqi siyasi qüvvəsi yoxdur və o, çəkiclə zindan arasında qalıb.
Əgər HƏMAS qüvvəsini itirərsə, bu ona sərf edir, o siyasi arenada yalnız qalacaq. Amma əgər əksinə, HƏMAS siyasi qələbə əldə edərsə Abbas bu hərəkatın maliyyə böhranını və ya hərbi məğlubiyyətini gözləməli olacaq.
- İsraildə sülhə dəstək üçün nümayiş keçirilib, bununla yanaşı isə ekstremistlər və sağ radikallar güclənməkdə davam edir. Şüarlar “Terroristlərə ölüm!”dən “Ərəblərə ölüm!”ə dəyişib. Netanyahu güc ssenarisinə cəsarət edərmi?
- Benyamin Netanyahu əvvəlcədən Fələstin hökumətinin yaradılmasının əleyhinə idi. Sonra isə daha da irəliyə gedərək hərb nümayiş etdirərək HƏMAS-a sonuncu zərbəni vuracağını düşündü.
Amma bu sadəcə fələstinlilərdə intiqam qığılcımını alovlandırdı. Keçən həftə fələstinli yeniyetmə öldürüldükdən sonra vəziyyət nəzarətdən çıxdı. Bu zamana qədər demək olar ki, qanun İsrail tərəfdə idi, yəhudi dövlətinin tənqidi zəif idi. Və bir anda hər iki tərəfin günahı bərabərləşdirildi, ictimai fikir dəyişdi, ona görə də Netanyahu üçün beynəlxalq arenada simasını qorumaq bir qədər çətin olacaq.
- Bəs İraq və Suriyada ekstremistlər tərəfindən təhlükə varmı? Onlar indi gözləmə mövqeyindədirlər, sonradan HƏMAS-ı yox edib Qəzzada hakimiyyəti ələ keçirə bilərlərmi?
- Qəzzada onsuz da ekstremistlər var, HƏMAS orada bütün islamçılara nəzarət etmir. HƏMAS, əgər belə demək mümkündürsə mərkəzləşdirilmiş mövqedədir, əsasən də ona görə ki, onun hərəkatına müsəlman qardaşlar daxildir, onun silahlı qolu isə hələlik mərkəzin siyasi əmrlərini yerinə yetirir. Əgər HƏMAS siyasi hərəkat kimi dağılarsa, o zaman heç də siyasi məcrada fəaliyyət göstərməyən silahlı qruplaşmalar Qəzzada üstünlük əldə edəcəklər.