Yunanıstan hökuməti temperaturun 40 dərəcəni keçəcəyi gözlənilən kəskin istilərlə əlaqədar olaraq iyulun 22-də ölkənin bir sıra bölgələrində açıq hava şəraitindəki fiziki işlərin və nəqliyyat vasitələri ilə kuryer xidmətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ekathimerini" nəşri məlumat yayıb.
Yunanıstanın Əmək Nazirliyinin məlumatına görə, işlərin məcburi şəkildə dayandırılması qərarı ən yüksək temperaturun proqnozlaşdırıldığı Afina da daxil olmaqla Attika, eləcə də Fessaliya, Mərkəzi Yunanıstanın və Peloponnesin şərq bölgələrində saat 13:00-dan 17:00-a qədər tətbiq ediləcək.
Sözügedən məhdudiyyət tikinti sahələrinə, ictimai infrastruktur obyektlərinə, gəmiqayırma zavodlarına, açıq səma altındakı digər fiziki əmək növlərinə, habelə motosiklet, skuter və velosiped vasitəsilə həyata keçirilən qida və bağlama çatdırılması xidmətlərinə aiddir.
Bununla yanaşı, işəgötürənlərə imkan daxilində risk qrupuna və həssas kateqoriyaya daxil olan işçilər üçün distant iş şəraiti yaratmaq tövsiyə olunub.
Tətbiq edilən bu qaydaları pozan şirkətləri qadağanın qüvvədə olduğu müddətdə iş yerində aşkarlanan hər bir işçiyə görə iki min avro (3 879 AZN) məbləğində cərimə gözləyir.