Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qeyri-rəsmi işçilərin sayı azalacaq - NAZİRDƏN AÇIQLAMA
2019-cu ildə əmək bazarını xeyli dəyişikliklər gözləyir.
Oxu.Az xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin iclasında səsləndirdiyi mesajlar sahibkarlıq və vergi tutumları ilə bağlı yeni islahatlar dalğasının gözlənildiyinə bir işarədir.
Sosial sığorta və vergi yükünün yüksək olması…
Nazir iclasda bildirib ki, əməkhaqqının üzərinə düşən fiskal yükün azaldılması “Vergi Məcəlləsi”nə hazırlanan dəyişikliklər sırasında xüsusi yer tutur.
“Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir”.
M.Cabbarovun sözlərinə görə, inzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır. İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır.
Vahid rüsum
Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.
Nazir çıxışında qeyd edib ki, islahatlarda hədəf qeyri-rəsmi məşğulluğun səviyyəsinin azalması və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağının artmasıdır. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.
Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək.
Sosial ödənişlərin yükü 26%-dir
Vergi mütəxəssisi və bu sahədə ekspert kimi tanınan Vəli Əliyev hesab edir ki, vahid bir faizin formalaşdırılması Azərbaycanın əmək bazarı və sahibkarlığın inkişafı üçün mütərəqqi bir addım olar.
“Lakin yeganə narahatçılıq yaradan məqam Dövlət Sosial Müdafiə Fonduna ayırmaların azalması ehtimalıdır. Xatırladım ki, hazırda əmək haqqından tutulan təkcə sosial ödənişlər 26% təşkil edir”.
Məlumat üçün deyək ki, əmək müqaviləsi üzrə işçiyə görə sosial fonda sahibkar 22%, işə götürülən isə maaşından isə 3% ödəməlidir. Bundan başqa, işsizlikdən sığorta üçün işəgötürən fonda 0,5%, işçi də 0,5% ödəniş etməlidir. Bundan başqa, sahibkar sosial vergi yükü ilə yanaşı, əlavə 14 faiz gəlir vergisi də ödəməlidir.
İndi niyə qeyri-rəsmi?
Hazırki vəziyyətdə isə bu belə hesablanır: tutaq ki, işçinin əmək haqqı X-dır, bu məbləğdən 173 manatı (yaşayış minimumu) çıxılır və yerdə qalan vəsaitdən 14% gəlir vergisi ödənilir. Buna görə də əksər iş yerlərində ikili mühasibatlıq və əmək haqlarının gizlədilməsi baş verir. Mühasiblər adətən rəsmi əmək haqqını 150 manat göstərirlər ki, yaşayış minimumunun çıxılmasına ehtiyac qalmasın.
Vahid rüsumun tətbiq edilməsi isə gözləntilərə görə, ikili mühasibatlığı və kölgə iqtisadiyyatını azaldacaq. Bunun üçün ən yaxşı nümunə kimi Gürcüstan təcrübəsi göstərilir.
İlhamə XANLARQIZI
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?