Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əmanətlərin tam sığortalanması daha bir il uzadılır
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əmanətlərin tam sığortalanmasını daha bir il uzadacaq.
Oxu.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər yenidən qüvvədə olacaq.
Nəticədə, Əmanətlərin Sığortalanması Fonduna üzv bankların qəbul etdiyi əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla, növbəti bir il müddətində də tam sığortalanır. Bu isə o deməkdir ki, banklarla bağlı hər hansı sığorta hadisəsi baş versə, qoyulan vəsait Fond tərəfindən tam həcmdə əmanətçiyə qaytarılır.
Kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.
Bununla bağlı “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə artıq Milli Məclisdədir.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan banklarında əmanətlərin həcmi 7 milyard 542.5 milyon manatdan 8 milyard 269.7 milyon manata çatıb, yəni 9.6 faiz artıb. Əmanətlərdə artım həm tələbli, həm də müddətli depozitlər üzrədir. Belə ki, müddətli depozitlər 5.6% (291 mln. AZN), tələbli depozitlər isə 18.5% (436 mln. AZN) artıb.
Bundan əlavə, əmanətlərin tam sığortalanması və məzənnənin sabit qalması əhalinin əmanətlərinin, əsasən, milli valyutada artımına səbəb olub. Belə ki, milli valyutada olan əmanətlər 2015-ci ilin sonu ilə müqayisədə, 2,1 dəfə artıb, xarici valyutada olan əmanətlər isə 65 faiz azalıb. Nəticədə, 2015-ci ilin sonu ilə müqayisədə dollarlaşma 22 faiz bəndi düşüb.
Bütövlükdə, əmanətlərin tam sığortalanması mexanizmi 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir.
Qeyd edək ki, əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3%-ni (2.3 mlrd. manat) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə əmanət portfelinin 77%-i (6.4 mlrd. manat) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni (1.5 mlrd. manat) 30 min manata qədər əmanətlər təşkil edir. Göründüyü kimi, dövlətin sığortaladığı əmanət həcmi 3 dəfəyədək artıb.
V.Qasımlı hesab edir ki, prezident İlham Əliyevin qərarı milyonlarla bank əmanətçisinin marağını ifadə etməklə yanaşı, gələcəkdə xüsusilə manatla əmanətlərin həcminin artmasına zəmin yaradacaq.
“Dövlətin dəstəyi ilə əmanət cəlb etməklə banklar likvidliklə təmin olunur. Yaranmış makroiqtisadi sabitlik şəraitində əmanət cəlbinin də təmin edilməsi banklar üçün bir avantajdır. Qlobal və regional səviyyələrdə iqtisadiyyatda baş verən proseslər fonunda Azərbaycanda əmanətlərin tam sığortalanması ölkəmizdə maliyyə sabitliyi və bank sisteminin dayanıqlığı üçün əlavə bir imkandır”, - deyə V.Qasımlı vurğulayıb.
Məlumat üçün deyək ki, Azərbaycanda əmanətlərin tam sığortalanması dünyada rast gəlinən nadir hallardandır. Məsələn, qonşu ölkələrdən Gürcüstanda 5000 lari (3 200 AZN), Rusiyada 1.4 milyon rubl (36 000 AZN), Türkiyədə 100 000 lirə (32 000 AZN) və Qazaxıstanda 15 milyon təngə (66 000 AZN) məbləğinədək əmanətlər sığortalanır. Bu limiti keçdikdə isə yalnız limit qədər olan əmanət məbləği sığortalanır.
Bundan başqa, ABŞ-da 250 000 dollar (425 000 AZN), Kanadada 100 000 dollar (170 000 AZN), əksər Avropa İttifaqı ölkələrində 50 000 avro (100 000 AZN), Malayziyada 250 000 rinqit (104 000 AZN) və Estoniyada isə 100 000 avro (200 000 AZN) həcmində olan əmanətlər sığortalanır.
Müqayisə göstərir ki, Azərbaycan dövləti əmanətlərin tam sığortalanmasını həyata keçirməklə bu sahədə əhalinin maraqlarını ən yüksək səviyyədə qoruyur.