2020-ci ilin dövlət büdcə layihəsinin Milli Məclisin komitələrinin birgə iclasında müzakirəsi zamanı iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün hökumətə 10-a yaxın təklif verilib.
Bu barədə Oxu.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb.
V.Əhmədov deyib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı təkliflər verilib.
Deputat hesab edir ki, bununla bağlı vəziyyət qənaətbəxş deyil.
“Biz qeyri-neft sektorunun daha da sürətli inkişafını istəyirik. Düzdür, kənd təsərrüfatında, turizm sahəsində müəyyən inkişaf var. Ancaq mən hesab edirəm ki, qeyri-neft sektoruna gələn gəlirlər digər xərcləri ödəmək qabiliyyətində olsun. Bu, onun üçündür ki, neftin qiymətində ucuzlaşma olarsa, büdcədə problem yaranmasın”.
V.Əhmədov kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyini də vurğulayıb.
“Bu istiqamətdə ciddi işlər görülüb. Amma hələ də görüləsi işlər var”.
Komitə üzvü qeyd edib ki, büdcənin dövlət proqramları əsasında tərtib edilməsi vacibdir:
“Bu, onun üçündür ki, artıq xərcləmələrə və şişirdilmiş rəqəmlərə yol verilməsin. 2020-ci ilin büdcə layihəsinin xərc hissəsinin 37 faizi proqramlar əsasındadır. Bu isə azdır. Biz istəyirik ki, bu yüksək səviyyədə olsun. Ümumilikdə biz gələn ilin büdcəsi ilə bağlı hökumətə təxminən 10-a yaxın təklif vermişik”.
2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.
Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.
İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcə layihəsi Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Aqşin Kərimov