"İqtisadi Şurada sahibkarların üzləşdiyi çətinliklərin öyrənilməsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə xüsusi altqrup yaradılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin altqrupla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri təmsil edən sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə çox sayda görüş keçirilib, onların fəaliyyətində yaranan çətinliklər və irəli sürdükləri təkliflər ətraflı təhlil olunub:
"Müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətində nəzərə alınıb. Ümumilikdə, hazırkı layihədə dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i məhz sahibkarlıq subyektlərinin təqdim etdiyi və tərəfimizdən məqsədəmüvafiq hesab edilmiş təkliflər əsasında formalaşdırılıb. Bu yanaşma vergi siyasətinin formalaşdırılmasında biznes ictimaiyyətinin iştirakının təmininə, sahibkarların real ehtiyaclarının nəzərə alınmasına və dövlət-biznes dialoqunun konkret nəticələrə çevrilməsinə xidmət edir".