Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyada banklar sahibkarlara üç aylıq şans verdi: Bəs Azərbaycanda necə olacaq?
Hazırda dünyada koronavirus təhlükəsi tüğyan edir.
Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb.
Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub.
Eyni zamanda, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.
Hökumət ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edib.
Beləliklə, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
Azərbaycanda xüsusi rejimin tətbiqi ilə əlaqədar bütün istehsalat və sosial sahələrin məsafədən fəaliyyətə başlaması, şübhəsiz ki, istehsalatda müəyyən durğunluğa səbəb olub. Bu da xüsusən biznes kreditləri ilə öz istehsalat sahəsini tənzimləyən strukturlara da təsir edib.
Belə ki, istehsal və istehlakın məhdudlaşdırılması kreditlərlə biznesini ayaqda tutan strukturlarda ciddi maliyyə itkilərinə səbəb olub. Beləcə, onların kredit ödəmə qabiliyyəti də aşağı düşüb.
Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bir çox ölkələrdə banklar istehlak və biznes kreditlərinin ödənilməsi şərtlərini üç ay müddətinə təxirə salıb.
Bu addımın atılmasında əsas məqsəd hazırda banklara borcu və ödəmə etmək məcburiyyəti olanlara dəstək verməkdir. Yəni qazanc az olduğu halda, sahibkar əvvəlki qaydada kredit ödəmək məcburiyyətindən xilas olur, bankların onlara verdiyi bu şans sayəsində böhran dönəmindən minimum itkilərlə çıxır.
Nəticədə, onlar üç aydan sonra kredit borclarını banka ödəyə biləcəklər.
Onu qeyd edək ki, bu addım ölkələrdə koronavirus pandemiyası səbəbi ilə yaranmış vəziyyətə görə atılıb.
Nəzərə alsaq ki, Azərbaycanda xüsusi rejimin və nəqliyyatın hərəkətinin məhdudlaşdırılması yeni qərardır, bankların bununla bağlı hansı mövqe sərgiləyəcəyi dəqiq bəlli deyil.
İqtisadçı-ekspert Elşad Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, dünyada bank sektoru iqtisadiyyatın stimullaşdırılması üçün tədbirlər həyata keçirir:
“Bu, bank sektorunun özü üçün də əhəmiyyət kəsb edir. Çünki işgüzar fəallığın artımı həmin bank sektorunun dayanıqlığına müsbət təsir göstərə bilər. Hesab edirəm ki, bununla bağlı güzəştlər paketi Azərbaycanda da bank müştəriləri üçün tətbiq olunmalıdır.
Banklar, sözsüz ki, vəziyyətin, iqtisadi dinamikanın gərginləşməsini nəzərə alaraq, öz müştərilərinə daha əlverişli paketlər təklif etməlidirlər. Çünki bu, ölkənin bütövlükdə sosial-iqtisadi dayanıqlığına və bank sektoruna müsbət təsir edir. İqtisadiyyatda ciddi struktur problemlərinin olması bank sektorunda ödənişlərin ləngiməsinə gətirib çıxarır”.
“Mütləq şəkildə banklar hazırkı vəziyyətə görə müştərilərinə ödənişlərlə bağlı güzəştli paketlər təqdim etməkdən çəkinməməlidir”, - deyə ekspert qeyd edib.
İlhamə Əbülfət
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi