17 
Sen
2020
09:13
107
182
1552
Virtual karabakh

Deputat: “Prezident korrupsioner məmurlara qarşı müharibə elan edib”

Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da gücləndirilir. Sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın videoformatda iclası keçirilib. İclasda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində effektivliyi təmin etmək, dövlətin islahatlar kursuna cavab vermək məqsədilə yeni Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

Bu, korrupsiya ilə mübarizədə yeni mərhələ hesab oluna bilər.

Korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətin prioritet istiqamətlərindən biridir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Oxu.Az-a açıqlamasında deyib ki, ölkədə son illər korrupsiya ilə mübarizə sahəsində mühüm addımlar atılıb.

“Prezident İlham Əliyev obrazlı söyləsək, korrupsiyaya və korrupsioner məmurlara qarşı müharibə elan edib”, - deyə V.İskəndərov söyləyib.

Korrupsiyanın törətdiyi fəsadlar cəmiyyətin hər bir üzvünə təsir göstərir, cəmiyyəti zədələyir, dövlətin təsisatlarının inkişafına mane olur.

Problemlərin qarşısının alınması məqsədilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və digər aidiyyəti orqanlar Prezident İlham Əliyevin nəzarəti altında praktiki addımlar atır.

“Cənab Prezidentin təbirincə desək, korrupsiya sahəsində son insan qalanadək bu mübarizə aparılacaq. Dövlət başçısı qəti siyasi iradə nümayiş etdirib və qəti tapşırıqlarını verib”, - deyə V.İskəndərov korrupsiya əleyhinə görülən işləri şərh edərkən deyib.

Deputat qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Parlamentari təklif də səsləndirib:

“Burada profilaktik işlərin görülməsinə də çox böyük ehtiyac var. Bunun üçün vətəndaş cəmiyyəti, QHT-lər, KİV-lər bu yükü, ictimai nəzarət funksiyasını öz üzərinə götürməlidir. Bütün cəmiyyət korrupsiya bəlasına qarşı mübarizə aparmalıdır”.

Bu ilin mayın 1-də Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən demişdi ki, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır.

“Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcək”, - deyə Prezident bildirmişdi.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri