Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə mediatur təşkil edilib.
Oxu.Az-ın məlumatına görə, 2018-2019-cu illərdə “PAŞA Holdinq”in dəstəyi ilə inşa edilən Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Mərkəzin direktoru Rüfət Elçiyev jurnalistlərə açıqlamasında bildirib ki, mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır:
“Mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərin ərsəyə gəlməsinə dəstək verir. Hazırda Mərkəzdə on əməkdaş daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır”.
Qeyd edək ki, Mərkəzdə yaradılmış şəraitdən və “ABAD” xidmətlərindən yararlanmaqla “ART Factory” adlı yeni “ABAD”çı müəssisə formalaşıb. “ABAD”çı burada müxtəlif dekorativ əşya və suvenirlər, məişətdə istifadə üçün keramika məhsulları istehsal edir.
“ABAD” publik hüquqi şəxsin yaratdığı keramika mərkəzləri ölkəmizin, eləcə də regionun unikal yaradıcılıq platformasıdır.
Daha çox foto burada: Photostock.az
İlhamə Əbülfət