ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən aralıq seçkidə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərindən biri kimi İranla müharibəni və yanacağın qiymətinin artmasını göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Tramp bu barədə Ağ Evdə yeni ziyafət zalının tikinti sahəsində jurnalistlərlə söhbəti zamanı danışıb.
ABŞ liderindən vitse-prezident Cey. Di. Vensin respublikaçıların aralıq seçkidə məğlubiyyətinin İranla müharibə ilə bağlı olduğu barədə fikri ilə razılaşıb-razılaşmadığı soruşulub.
Tramp bu amilin həqiqətən də müəyyən rol oynadığını bildirib:
"Düşünürəm ki, bu fikir əsasən doğrudur. Çünki qısamüddətli perspektivdə bu, benzinin qiymətinin bir qədər artmasına səbəb oldu. Yəqin ki, həqiqətən də belədir".
Bununla yanaşı, ABŞ prezidenti müharibəyə başlamağın düzgün qərar olduğunu düşündüyünü vurğulayıb.
"Eyni vəziyyət yenidən təkrarlansaydı, yenə də eyni addımı atardım. Çünki uzunmüddətli perspektivdə yeganə çıxış yolu budur. İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz. Məncə, buna dəyərdi. Başqa seçim yoxdur", - deyə Tramp bildirib.