Ukrayna Baş Prokurorluğunun, Milli Polisinin və Təhlükəsizlik Xidmətinin (SBU) yüksəkvəzifəli əməkdaşlarının himayə etdiyi iddia olunan cinayətkar qruplaşmanın üzvləri fəaliyyətləri ilə bağlı araşdırma aparan jurnalistlərə qarşı sui-qəsd planlarını müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) "Karfagen" işi üzrə materialların yeni hissəsini "Telegram" kanalında yayımlayıb.
Qurumun məlumatına görə, qruplaşma təkcə dələduzluqla məşğul olan çağrı mərkəzlərini idarə etməyib, həm də narkotik vasitələrin satışı, saxta valyuta istehsalı, adam oğurluğu və hədə-qorxu yolu ilə pul tələb etmə kimi cinayətlərdə iştirak edib.
NABU-nun yaydığı səs yazılarında qruplaşmanın "Meksikalı" ləqəbli lideri U420 narkotik mağazaları şəbəkəsi barədə material hazırlayan jurnalistlə necə haqq-hesab çəkməyi müzakirə edir. Söhbət zamanı jurnalistin üzərinə turşu tökmək və ya onu çəkiclə döymək variantları səsləndirilir. Qruplaşma üzvləri, həmçinin bir bloqerə qarşı zorakılıq törətməyi müzakirə ediblər.
NABU-nun yaydığı videomateriallardan görünür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qruplaşma üzvlərinə potensial qurbanları izləmək üçün müşahidə kameralarına çıxış imkanı yaradıb, planlaşdırılan xüsusi əməliyyatlar barədə əvvəlcədən məlumat verib və hədəfə alınan şəxslərin polisə müraciət etməsi barədə onları xəbərdar ediblər.
Ukraynanın "Strana" nəşrinin yazdığına görə, səs yazılarında "Meksikalı" ləqəbi ilə çıxış edən şəxs böyük ehtimalla "Ximprom" kartelinin qurucusu, narkobaron Yeqor Burkindir.
Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) sentyabrın 4-də "Karfagen" xüsusi əməliyyatı barədə məlumat yayıb. İstintaq orqanları dələduzluq məqsədilə fəaliyyət göstərən çağrı mərkəzlərinə himayədarlıq edən və əmlakın leqallaşdırılması ilə məşğul olan cinayətkar təşkilatın ifşa edildiyini açıqlayıb.
İstintaqın məlumatına görə, sxemin koordinatoru həmin vaxt Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq Departamentinin rəis müavini vəzifəsində çalışan Sergey Krapiva olub. Baş prokuror Ruslan Kravçenkonun, onun birinci müavininin və digər əməkdaşların kabinetlərində də axtarışlar aparılıb. Əməliyyatın Kravçenkonun ölkədən qaçmasına və istefasına səbəb olduğu bildirilir.
Noyabrın 4-də NABU dələduzluq çağrı mərkəzlərinə himayədarlıq sxemində Baş Prokurorluğun əməkdaşları ilə yanaşı, SBU və Milli Polisin yüksək vəzifəli şəxslərinin də iştirak etdiyini açıqlayıb.
Ukrayna mediasının məlumatına görə, SBU-nun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, polkovnik Anton Kravçukun və Milli Dövlətçiliyin Müdafiəsi Departamentinin rəis birinci müavini, general Sergey Dukanın evlərində və ya iş yerlərində axtarışlar aparılıb. Daha sonra Dukanın saxlanıldığı barədə məlumat yayılıb.
Noyabrın 4-də SBU rəhbəri Aleksandr Poklad "Karfagen" əməliyyatı çərçivəsində NABU-nun araşdırmasında adı hallanan iki yüksək vəzifəli qurum əməkdaşını vəzifəsindən azad edib.