Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda şəbəkə biznesinə sərmayə yatıranda nəyi nəzərə almaq lazımdır? - FOTO
Ötən həftə Azərbaycan sosial media gündəmini həm də bir qrup dələduzun biznes qurmaq adı ilə insanlardan külli miqdarda vəsaitini ələ keçirməsi ilə bağlı xəbərlər məşğul etdi.
Yayılan məlumatlarda göstərilirdi ki, “PeaceFarm” adlı şəbəkə vətəndaşlara heç bir yerə getmədən virtual şəkildə taxıl, qarğıdalı və kartof əkərək şəbəkə marketlərində satıb pul qazanacaqlar.
İddialara görə, bəzi şəxslər bu şəbəkəyə, hətta 30 min ABŞ dolları civarında vəsait yatırıblar.
Son zamanlar artan dələduzluq hallarından yayınmaq və bu hallara qarşı mübarizə aparmağın necə mümkün olması ilə bağlı “Report”a danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, insanlar sərmayə yatırdıqları biznesi öncədən araşdırmalıdırlar:
“PeaceFarm” təcrübəsi beynəlxalq fırıldaqçılıq təcrübəsindən götürülüb. İllər əvvəl Türkiyədə tətbiq edilən “Çiftlik bank” metodu ilə üst-üstə düşür. Təəssüf ki, başqa ölkələrdə ifşa olunmuş ssenarilər və oyunlar Azərbaycanda hələ də insanlar tərəfindən inanılmaqdadır. Belə ki, vətəndaşlarımız etibar edib bu saxta bizneslərə böyük məbləğ yatırırlar.
Hesab edirəm ki, vətəndaşlarımız aldanmamaq üçün mütləq bir neçə məsələni diqqətdə saxlamalıdırlar. İlk olaraq onu deyək ki, belə şəbəkə oyunlarına vəsait yatıranlar mütləq baxmalıdırlar ki, həmin bizneslərin Azərbaycanda qeydiyyatı var, yoxsa yoxdur?! Bu ən etibarlı üsuldur. İnvestisiya olunan biznesin Azərbaycanda qeydiyyatda olması ona görə əhəmiyyətlidir ki, sonradan baş verə biləcək hansısa fırıldaqçılıq yaxud anlaşılmazlığı məhkəmə predmeti etmək olar. Amma qeydiyyatsız yaxud xarici ölkələrdə qeydiyyatda olan şəbəkələrə yatırım etmək, ümumiyyətlə, məntiqə ziddir.
Digər bir məsələ isə, əlbəttə, maariflənmə ilə bağlıdır. Yəni insanlarımız onlara edilən təkliflərə cavab verməzdən öncə mütləq hansısa araşdırma etməlidirlər. Baş vermiş oxşar dələduzluq halları ilə bağlı tez-tez məlumatlar yayılır. Məhz bu hadisələrdən xəbərdar olan şəxslərin belə hadisələrin qurbanına çevrilməsi daha çətin olur”.
E.Abbasov beynəlxalq təcrübəyə əsaslanaraq bildirib ki, oxşar dələduzluq halları arasında ən az pul itirən elə Azərbaycan vətəndaşları olublar. Xarici ölkələrdə xüsusən qonşu Türkiyədəki məlum hadisədə itirilən məbləğlər milyard dollarlarla ölçülürdü, deyə assosiasiya rəhbəri qeyd edib.
O vurğulayıb ki, hazırda bazarda asan yolla qazanc təklif edən bir çox saytlar, mexanizmlər var:
“Onlardan bəziləri realdır, amma fırıldaqçılar da az deyil. Bu baxımdan tövsiyə edərəm ki, vətəndaşlarımız daha çox yerli şirkətlərə investisiya etsinlər. Bu, iqtisadi baxımdan həm ölkəmiz üçün, həmin sahibkar üçün, həm də investor üçün səmərəli olar”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bu barədə məlumatlıdırlar və faktla bağlı araşdırma aparılır:
“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksəkfaizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”.
"Elşad Hacıyev" teqi üzrə xəbərlər
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- Etibarnamə ilə bağlı YENİ QAYDA
- Güclü yağışın yollarda yaratdığı fəsadlarla bağlı DİN əlavə qüvvə cəlb etdi
- DİN-dən xəbərdarlıq: "Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıblar"
- Bakıda qanunsuz parklanma yerlərini təşkil etməkdə şübhəli bilinən 159 nəfər saxlanılıb