Mar
2024
12:24
42
13
720
Virtual karabakh

Azərbaycanda strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib - FOTO

1 Mar, 2024
12:24
720

Azərbaycanda strateji investisiya layihələri üzrə ilk təşviq sənədi verilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin 1 fevral 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” çərçivəsində ilk investisiya təşviqi sənədi bərpa olunan enerji istehsalı sahəsi üzrə “Acva Pover Azərbaycan Renevable Energy” MMC-yə verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Məlumata görə, şirkətin investisiya təşviqi sənədi verilmiş “240 MVt/s gücündə bərpaolunan elektrik enerjisinin (külək enerjisi) istehsalı” layihəsi Xızı və Abşeron rayonlarını əhatə edir. Layihənin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təqribən 417 milyon manat investisiya yatırılacağı, 45 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyana “Bakı KOB evi”ndə təqdim edilib. Qeyd edilib ki, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafına xüsusi diqqət yetirilir və bu baxımdan bərpaolunan enerji layihələri əhəmiyyətlidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl iqtisadiyyat”ın inkişafına verdiyi önəmin göstəricisidir. “Yaşıl iqtisadiyyat” və “yaşıl innovasiya” KOB-ların məhsuldarlığının artırılmasında, əməliyyat xərclərinin azalmasında və rəqabət qabiliyyətinin artırılmasında önəmlidir.

“ACWA Power” şirkətinin nümayəndələri həmçinin “Bakı KOB evi”ndə startaplar üçün yaradılmış şəraitlə tanış olublar.

İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar yeddi il müddətində mənfəət və yaxud gəlir vergisinin 50%-dən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilir. Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Dövlət başçısının məlum fərmanına əsasən sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur. Bu mexanizm sahibkarlara ölkə iqtisadiyyatının mühüm strateji sahələrinə daha çox sərmayə qoyuluşu üçün əlavə imkanlar yaradır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri