Ağcabədidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyətləri məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 24-də saat 16 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
2013-cu il təvəllüdlü şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Digər 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində B.Quliyev hadisə yerində ölüb, sərnişinləri - 2014-cü il təvəllüdlü R.Həsənov, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun övladları - 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü M.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
