Ağdamda mina hadisəsi baş verib. Hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı Ceyhun Abbasov minaya düşərək xəsarət alıb.
Onun dostu Vüqar Quluyev hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
"O, öz həyətinə gedərkən qapıya çatmağa az qalmış minaya düşüb. Mən də dostlarıma, tanışlarıma və yaxınlarıma müraciət edərək demək istəyirəm ki, oraya getməsinlər. Həmin kənd Ağdam rayonunun ən çox mina basdırılmış ərazilərindən biridir", - deyə Vüqar Quluyev bildirib.
Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda qeyd olunur ki, Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbi ilə 1985-ci il təvəllüdlü şəxs (kişi) martın 26-da saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə bildirilib.
Ağdamda mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, Ağdam rayonunun Yusifcanlı kəndində martın 26-da baş verən mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Ceyhun Firdovsi oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Birgə məlumatda vətəndaşlara çağırış edilib: "ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır".
Ağdamda Yusifcanlı kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.
Hazırda ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) əməkdaşları minaya düşərək xəsarət alan şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.
Faktla bağlı araşdırma başlanılıb.