Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 10-u, saat 08:30-da 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
"Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ağdərədə minaya düşən şəxs xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, 46 yaşlı Q.Quliyevə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Hazırda yaralı Q.Quliyev əməliyyata götürülüb. Onun sol ayağının topuq nahiyəsi amputasiya olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki boş sahədə qeydə alınıb.
Partlayış nəticəsində rayonun Şıxarx qəsəbə sakini Qulu Tufan oğlu Quliyev xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisə ilə bağı araşdırma aparılır.
Samir Əli