Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: "Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".
Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Z.Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.
Onun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkilliyinin altı ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.
