Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.
Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib.
İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığı nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi əməkdar müəllim Nadir Hüseynovun ölüm səbəbini açıqlayıb.
Mərkəzdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, dekabrın 14-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar müəllim Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Samir Əli
Əməkdar müəllim, bədii qiraətçi, professor Nadir Hüseynov 73 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olmuşdu.