Bakının Nizami küçəsində baş verən yanğın qurumuş yağ qalıqlarının qısaqapanma yaratması nəticəsində başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fəvvarələr meydanında yaradılan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasındakı yanğınla bağlı "Nərgiz" fondunun açıqlamasında deyilir.
Bildirilib ki, qısaqapanma naticəsində lokal alovlanma müşahidə olunub: "Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olub. Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülüb. Yanğın digər pavilyonlara keçməyib, yarmarkanın digər hissələri üçün təhlükə yaranmayıb.
Hadisə zamanı yarmarkada 24/7 fəaliyyət göstərən təhlükəsizlik heyəti tərəfindən yanğınsöndürmə balonlarından istifadə olunub, paralel șəkildə Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ziyarətçilərin ərazidən təxliyəsi 5 dəqiqə ərzində təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilib.
Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat, o cümlədən yarmarkanın iş saatları barədə ətraflı açıqlama veriləcək".
Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - məlumatda qeyd olunub.
Bakının Nizami küçəsində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, yanğın Fəvvarələr meydanında köşklərin birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının hadisə yerinə cəlb edildiyi və yanğının qısa müddətdə söndürüldüyü bildirilib.