İyunun 5-nə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində vurulub. Gəmidə həlak olanlardan biri Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, həlak olan Məhəmməd Əliyevin qardaşı Elvin Əliyev baş verən hadisə barədə jurnalistlərə açıqlama verib.
"Qardaşım beş ildən artıq idi ki, bu sahədə işləyirdi. Özü kapitan köməkçisi idi. Bu gün səhər onun dünyasını dəyişdiyini öyrəndim. Başqa bir gəmidə işləyən dostu zəng edib bu ağır xəbəri mənə çatdırdı. Cənazənin iki günə gətiriləcəyini dedilər. İndi mən də bir qardaş kimi yolunu gözləyirəm. Evli idi, bir övladı var", - deyə o bildirib.
İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir.
Oxu.Az-ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş. Gəmidə kapitanın 2-ci köməkçisi kimi çalışırmış. Ailəli olub, bir azyaşlı oğlu qalıb. M.Əliyevin özü ailənin yeganə oğul övladı imiş. Ailənin bir oğlu, bir qızı olub. M.Əliyevin atası İ.Əliyev isə uzun müddətdir Rusiyada yaşayır, xırda sahibkarlıqla məşğuldur.