İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri vəfat edib.
Bu barədə Oxu.Az-a İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirib ki, martın 19-u saat 23:30-da İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"1997-ci il təvəllüdlü (qadın), 1988-ci il təvəllüdlü (qadın), 2000-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
1991-ci il təvəllüdlü (kişi) şəxsə dəqiqləşdirilməmiş kəllə-beyin travması, koma diaqnozu təyin olunub. Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:08-də şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib", - məlumatda qeyd olunub.
Aygün Mirakif
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun "Təndirxana" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-21099-un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Yaralılar təcili tibbi yardım maşınının köməyilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
