Mayın 31-də Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina partlayışı nəticəsində 45 yaşlı Qalib Abbasov xəsarət alıb.
Hadisə rayonun Qaraçinar kənd sakini olan Abbasovun mal-qarasını axtarmaq üçün kəndin ətraf ərazilərinə getdiyi zaman baş verib. Yaxınlarının bildirdiyinə görə, heyvanlar əvvəlcədən ərazidən keçib qaçıblar. Qalib Abbasov isə onların ardınca gedərkən minaya düşüb:
"Mal qaçıb. Qalib də malın arxasınca qaçanda minaya düşüb. "Öldüm, gəlin məni götürün", - deyə qışqırıb.
Yaxınları onu dərhal maşına mindirərək Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Qohumlarının sözlərinə görə, Qalib Abbasov ailəsini dolandırmaq üçün bir neçə baş mal saxlayırmış: "Sadəcə uşaqlarını saxlamaq üçün beş-altı baş mal saxlayırdı. Çətinliklə dolanırdı".
Üç uşaq atası olan Qalib Abbasov uzun illərdir ki, Qaraçinar kəndində yaşayır və təsərrüfatla məşğul olur.
Ətraflı Baku TV-nin süjetində:
"Mayın 31-də saat 13:30-da minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.
"Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Aləmdə Nəsib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Goranboyda baş verən mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumatda Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsinin baş verdiyi qeyd olunur:
"Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!"
Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.