Bu gün AVRO-2024-ün son 1/4 final görüşlərində İngiltərə İsveçrəni, Niderland isə Türkiyəni sınağa çəkəcək.
Oxu.Az xəbər verir ki, gözlənilmədən İtaliya millisini məğlub edərək adını 1/4 finala yazdıran isveçrəlilərin İngiltərə ilə görüşdə necə təəssürat bağışlayacağı ən böyük maraq doğuran məqamlardan biridir. İngiltərə millisinin olduqca istəksiz çıxışı isə İsveçrə millisinin şanslarını yüksəldə bilər. Səbəb isə heyətinin dəyəri 1,2 milyard avro olan İngiltərə seçməsinin Slovakiya ilə görüşdə çətinliklə qələbə qazanmasıdır. Hər halda artıq İngiltərə seçməsi 1/4 final mərhələsindədir və yarımfinala adlamaq uğrunda mübarizə qızğın keçəcək. İsveçrəlilər isə İtaliya ilə görüşdəki əzmkarlığı davam etdirərək etimadı doğrultmağa çalışacaqlar. Komandalar indiyədək 15 dəfə qarşılaşıblar. Bunlardan 11-də ingilislər qalib gəliblər. İsveçrəlilər isə yalnız bir dəfə qələbəyə seviniblər. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi turun son görüşündə isə Niderland Türkiyə seçməsi ilə üz-üzə gələcək. Turnirin sürpriz komandalarından sayılan Türkiyə millisinin çətin sınaqdan necə çıxacağı əsas maraq doğuran məqamlardan biridir. Belə ki, Türkiyənin Avstriyaya yoldaşlıq görüşündə 6:1 hesabı ilə məğlub olduqdan sonra Avropa çempionatının 1/8 final mərhələsində 2:1 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə vəsiqəni təmin etməsi azarkeşlərin ümidlənməsinə səbəb olub. Amma Niderlandla görüşdə növbəti mərhələyə adlamaq elə də asan vəzifə sayılmır. Qrup mərhələsində inamlı təsir bağışlayan Rumıniya seçməsini darmadağın edən niderlandlılar Türkiyə ilə görüşə də böyük istək və əzmkarlıqla çıxacaqlar. Rəqiblər indiyədək ümumilikdə 12 dəfə qarşılaşıblar. Bunlardan altısında Niderland, üçündə isə Türkiyə seçmə komandası qalib gəlib. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
6 iyul
1/4 final mərhələsi
İngiltərə - İsveçrə
Saat 20:00, "Merkur Spiel-Arena"
Niderland - Türkiyə
Saat 23:00, "Olympiastadion"
Rəylər