Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa Oyunları: Azərbaycan taekvondoçuları iki medal qazanıblar - YENİLƏNİB
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq-da yer alan idmançı italiyalı Matias Lomartire ilə üz-üzə gəlib.
Rəqibini 2:0 (13:5, 22:4) hesabı ilə məğlub edən Maqomedov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
46 kq-da çıxış edən Minayə Əkbərova isə üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttukiyə uduzaraq, yarışı medalsız başa vurub.
Finalda mübarizə aparan Səyyad Dadaşov Polşada keçirilən III Avropa Oyunlarında gümüş medal qazanıb.
54 kq-da çıxış edən idmançı finalda ispaniyalı Uqo Arilya Vaskeslə qarşılaşıb.
Rəqibinə 1:2 (0:3, 12:3, 7:9) hesabı ilə uduzan Dadaşov ikinci yeri tutub.
21:06
Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova və kişilərdən ibarət yığmanın üzvü Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıblar.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 46 kq-da çıxış edən M.Əkbərova təsəlliverici qarşılaşmada Dina Puryunesə 2:0 (4:3, 6:4) hesabı ilə qalib gəlib.
O, üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttuki ilə münasibətlərinə aydınlıq gətirəcək.
58 kq-da çıxış edən Qaşım Maqomedov isə təsəlliverici görüşdə israilli Dmitir Naqayevi üstələyib - 2:0 (13:5, 19:6).
Onun medal qarşılaşmasındakı rəqibi italiyalı Matias Lomartire olacaq.
18:48
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb.
Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) - Andrea Konti (İtaliya) cütünün qalibi olacaq.
Rəylər