İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan milli komandası böyük uğura imza atıb.
Oxu.Az xəbər verir ki, komanda yarışda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutub.
Komandanın baş məşqçisi Namiq Quliyev bu nəticəni indiyə qədər əldə olunmuş ən böyük uğur kimi qiymətləndirib:
"İdmançılarımızın çıxışından tam razıyam. Qazandığımız medallar milli komandamızın bu yaş kateqoriyasında tarixi nailiyyətidir. İki qızıl, dörd gümüş və bir bürünc medal əldə etdik. Bu, bu günə qədər görülən işlərin nəticəsidir".
Məşqçi, həmçinin bildirib ki, yarış zamanı yaranan çətinliklər dərhal Azərbaycan Güləş Federasiyası tərəfindən həll olunub:
"Federasiyamız bütün problemləri yerindəcə aradan qaldırdı. Yarış boyu hər hansı bir çətinlik yaşanmadı və nəticədə bu uğurlar gəldi. Qələbənin əsas səbəblərindən biri federasiyanın bizə göstərdiyi diqqət və dəstəkdir".
Namiq Quliyev əlavə edib ki, bu yaş qrupunda idmançıların hazırlanması prosesində hər hansı ciddi çətinlik yaşanmır. Onun sözlərinə görə, əldə olunan nəticələr məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun birgə əməyi sayəsində mümkün olub.