“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində hər iki oyunu öz meydanında keçirə bilər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın potensial rəqibi “Dinamo” (Minsk) bununla bağlı Azərbaycan təmsilçisinə müraciət edib. Onlar mərhələ keçəcəkləri təqdirdə hər iki qarşılaşmanın “Bakcell Arena”da oynanmasını istəyiblər.
Məlumatı Oxu.Az-a “Neftçi”dən təsdiqləyiblər.
Qeyd edək ki, UEFA-nın qərarı ilə Belarus klubları avrokubok matçlarını neytral meydanda keçirməlidirlər. Bu səbəbdən “Dinamo” “Jelezniçar”la (Bosniya və Herseqovina) ev oyununu da Bakıda - “Qarabağ”ın rəqiblərini qəbul etdiyi “Azersun Arena”da keçirəcək. Sözügedən qarşılaşma iyulun 20-də baş tutacaq.
Konfrans Liqasında II raundun oyunları isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Faiq Tahirov