"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının cari mövsümündəki təsnifat mərhələlərində həm qələbə sayında, həm də vurulan qollarda vahid liderə çevrilib.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu mötəbər turnirdə meydana çıxdığı 6 qarşılaşmanın 5-ni inamlı qələbə ilə başa vurub və sadəcə bir görüşdə meydanı xalsız tərk edib.
Bakı təmsilçisini büdrədən yeganə qarşılaşma III təsnifat mərhələsi çərçivəsində Danimarkada baş tutan ilk oyun olub və həmin matçda "Sabah" "Orhus"a 1:2 hesabı ilə məğlub olub.
Lakin "bayquşlar" hücum xəttindəki kəsərliliyi ilə rəqiblərini üstələməkdə davam edir. Belə ki, Azərbaycan çempionu keçirdiyi 6 oyunda rəqib qapılarından 12 top keçirərək təsnifat mərhələlərinin ən məhsuldar komandası ünvanını qazanıb.
III təsnifat mərhələsinin gərgin keçən cavab oyunlarından sonra UEFA futbolçuların fərdi statistik göstəricilərini də yeniləyib. Diqqətçəkən məqam isə "Sabah"ın bir neçə ulduzunun fərqli kateqoriyalar üzrə reytinqlərdə ön sıralara sıçramasıdır.
Belə ki, Bakı klubunun almaniyalı hücumçusu Coy-Lens Mikels ən çox qol epizodu yaradan oyunçuların siyahısında zirvəni fəth edib. Komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç hücumların qurulmasında ən fəal iştirak edən futbolçular arasında ikinci pilləyə yüksəlib. "Sabah"ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa isə intizam göstəricilərinə əsasən cədvəlin ikinci sırasında özünə yer tapıb.
Xatırladaq ki, "Sabah" pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk sınağına avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə çıxacaq, həlledici cavab görüşü isə avqustun 25-də Bakıda baş tutacaq.