2026-cı il futbol üzrə dünya çempionatının A qrupunda son turun oyunları başa çatıb və pley-offa birbaşa vəsiqə qazanan komandalar bəlli olub.
Oxu.Az xəbər verir ki, eyni anda başlayan iki oyunun birincisi Monterrey şəhərində "Estadio BBVA"da Cənubi Afrika Respublikası və Cənubi Koreya milliləri arasında baş tutub. Oyunun və pley-offa vəsiqənin taleyini bir qol həll edib.
Belə ki, matçın 63-cü dəqiqəsində afrikalıların heyətində Txapelo Maseko adını tabloya yazdıra bilib.
Qrupun digər oyununda isə meydan sahibləri - Meksika millisi əfsanəvi Azteka stadionunda Çexiya millisinə heç bir şans verməyib. Hesabı 55-ci dəqiqədə Mateo Çaves açıb, 61-ci dəqiqədə Xulian Kinyones fərqlənib və uzatma dəqiqələrində Alvaro Fidalqo son nöqtəni qoyub.
Beləliklə, bu oyunlardan sonra Meksika millisi 3 oyunda qələbə qazanan ilk və yeganə komanda olub, onunla birlikdə pley-offa birbaşa vəsiqəni isə 4 xalla CAR millisi qazanıb. Aktivində 3 xalı olan Cənubi Koreya millisinin də pley-offa düşmək şansı yüksəkdir, amma digər qruplardakı oyunları gözləmək lazımdır. Qrupun autsayderi Çexiya millisi cəmi 1 xalla evə qayıdır.