Konqo Demokratik Respublikasının milli futbol komandası Ebola virusunun yayılması səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Ağ Evin dünya çempionatı üzrə işçi qrupunun icraçı direktoru Endryu Culianinin sözlərinə görə, komanda turnirə buraxılmaq üçün Belçikada 21 günlük karantindən keçməlidir.
O bildirib ki, əks halda yığmanın ABŞ-yə daxil olmasına icazə verilməyə bilər.
Qeyd edək ki, Konqo DR millisi Ebola epidemiyasına görə hazırlıq toplanışını paytaxt Kinşasadan Belçikaya köçürüb. Komanda dünya çempionatının qrup mərhələsində Portuqaliya, Özbəkistan və Kolumbiya milliləri ilə qarşılaşmalıdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo DR və Uqandadakı Ebolanın yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə səhiyyə vəziyyəti elan edib.
