Əl Aynada dünyanın müxtəlif ölkələrindən 200 şahmatçının iştirak etdiyi beynalxalq turnir başa çatıb.
Oxu.Az xəbər verir ki, yarışlarını qalibi 9 oyundan 8 xal toplayan çinli qrossmeyster Van Xao olub.
O turnirin kubokunu və 13 min dollar məbləğində pul mükafatı alıb.
İkinci yeri 7 xal toplayan bir neçə şahmatçı tutub.
Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni qrossmeyster Ülvi Bacarani göstərib - 5,5 xal və 24 yer.
Nəzərə alsaq ki, turnirdə 56 qrossmeyster iştirak edirdi və Ülvi start cədvəlində 38-ci yerdə qərarlaşmışdı, onun göstərdiyi nəticəni çox uğurlu hesab etmək olar.
Gənc şahmatçının ilk turda yarışın favoriti Yuriy Kravçenkonu (turnirdə ən yüksək reytinq -2711) məğlub etməsi turnirin ən yadda qalan oyunlarından biri olub.
Aqil Pirverdiyev (5 xal və 51-ci yer) və Vüqar Əsədlinin (5 xal və 54-cü yer) də nəticələrini uğurlu hesab etmək olar.
Qızların yarışında ən yaxşı nəticəni Nərmin Məmmədova göstərib - 4,5 xal. O son turda Ermənistan təmsilçisi Danielyan Vaxanı məğlub edib.
Şahmatçılarımız müxtəlif kateqoriyalarda pul mükafatları alıblar.
Həsən Quliyev və Nərmin Məmmədova öz reytinq qruplarında ən yaxşı olublar, qrossmeyster Günay Məmmədzadə və Gülnar Məmmədova isə qadınların yarışında fərqləniblər.
Həvəskarların qrupunda 6 yaşlı Zərifə Abbasova da xüsusi mükafat alıb.