Türkiyənin "Fənərbağça" klubunun azarkeş qrupunun lideri Cem Gölbaşına qarşı silahlı hücuma hazırlaşmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.
Oxu.Az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, hadisə ictimaiyyət arasında "Daltonlar" adı ilə tanınan silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində üzə çıxıb.
Məlumata görə, qruplaşmanın "Baron" ləqəbli üzvü Yusuf Can Güngörün göstərişi ilə Cem Gölbaşına qarşı hücum təşkil etmək planlaşdırılıb.
İstintaq çərçivəsində Adanadan İstanbula gələn şübhəlilərdən biri oktyabrın 31-də Beyoğlunda saxlanılıb. Onun üzərində aparılarkən qanunsuz tapança, iki uzadılmış daraq və avtomatik silah aşkarlanıb.
Araşdırmalar zamanı həmin şəxsin Qaziantepdən İstanbula gələn daha üç nəfərlə Esenyurtdakı evlərdən birində qaldığı müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində həmin şəxslər də tutulublar. Hücumda istifadə olunması nəzərdə tutulan silahları təmin etməkdə şübhəli bilinən daha bir nəfər də ələ keçib. Onun yaşadığı ünvanda uzunlüləli tüfəng və 200 patron aşkarlanıb.
Baş Prokurorluğun məlumatına əsasən, şübhəlilər ilkin ifadələrində Cem Gölbaşına qarşı silahlı hücum hazırlığında olduqlarını, lakin əlverişli şərait yaranmadığı üçün planlarından imtina etdiklərini bildiriblər.
Qeyd edək ki, Cem Gölbaşı "Genç Fenerbahçeliler" azarkeş qrupunun lideridir.