Rumıniya FKSB klubunun İdarə Heyətinin sədri Mihay Stoika Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsinin 2-ci turunun Şimali Makedoniyanın "Şkendiya" klubu ilə ilk oyunda (0:1) zədələnən kapitan Darios Olaru ilə bağlı fikirlərini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "iAM SPORT"a danışan Stoikanın sözlərinə görə, yarımmüdafiəçi təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq və "Qarabağ"la potensial qarşıdurmaya hazır ola bilər.
"Yəqin ki, Olaru avqustun 10-na kimi 100% hazır olacaq və ümid edirəm ki, "Drita" ilə yox, "Qarabağ"la cavab oyununa hazır olacaq", - deyə Stoika bildirib.
Qeyd edək ki, "Qarabağ" ÇL-in II təsnifat mərhələsində ilk görüşündə "Şelburn"a səfərdə 3:0 qalib gəlibsə, FKSB "Şkendiya"ya 0:1 uduzub. Hər iki komanda mərhələni adlayarsa, ÇL-in 3-cü təsnifat mərhələsində bir-birinə rəqib olacaqlar. Əlavə edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin oyunları avqustun 5-6 və 12-də keçiriləcək.