Azərbaycan Qolf Federasiyası möhtəşəm “FlamesGolf!” proqramının 3-cü mərhələsinin başlanmasını elan edir.
AQF-dən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Qolf Federasiyası qısa müddət ərzində böyük işlər görüb.
Federasiyanın əsas məqsədi yetişməkdə olan yeni nəslin nümayəndələrini bu idman növünə cəlb etmək, gələcəkdə Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli yığmanı formalaşdırmaq üçün bu gənclərin arasından istedadlıları üzə çıxarmaqdır. Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun təşəbbüsü ilə Federasiyaya məşhur şotlandiyalı məşqçi Spenser Henderson dəvət edilib, o, “FlamesGolf” proqramını hazırlayıb.
2015-ci ilin yanvar ayından “FlamesGolf” proqramına start verilib.
Akademiyanın başda Spenser Henderson olmaqla məşqçi heyəti gələcək peşəkarları üzə çıxarmağa başladı. Proqramın başlanğıc mərhələsi Bakı şəhərinin bir sıra məktəblərində cari ilin qışında realizə edilib. Dəfələrlə qeyd etdiyimiz kimi proqramın əsas məqsədi qolfçuların gələcək nəslini yetişdirmək, bu gözəl idman növünün bütün dəyərlərini onlara aşılamaqdır.
Məşqlərin nəticələrinə görə, məktəblərdə 150-yə yaxın şagird artıq Qolf Akademiyasında “FlamesGolf!”un növbəti mərhələsi ərzində ödənişsiz tədris üçün seçilmişdir.
8 həftə sürən 2-ci mərhələ uşaqları yeni səviyyəyə çıxardı. Onlara qolf oyununun əsaslarına yiyələnmək üçün əyləncəli şəkildə və ödənişsiz təlimlər keçirildi, uşaqlar qolf oyununun tarixi, etiketi və məşhur qolfçular haqqında əsas məlumatı aldılar. Bu mərhələdə artıq real qolf avadanlığı və uşaqların istifadəsi üçün nəzərdə tutulmuş inventardan istifadə edilirdi.
Məktəblilərin yay tətilləri günlərində Akademiyada həftədə 4 dəfə qolf üzrə yay məşqləri təşkil edilmişdi.
Hər cümə günü Spenser Henderson başda olmaqla məşqçi heyəti məşqlərdə fərqlənən uşaqları seçərək, onlara Qubada yerləşən Qolf Klubda dərslər keçirdilər, burada uşaqlara əsl qolf meydanında öz qüvvələrini sınamaq imkanı verilirdi.
Uşaqlara video-dərslər təqdim edilir, müxtəlif qolf yarışları haqqında məlumatlar verilirdi.
Bu gün proqramın 3-cü mərhələsi start götürür! Uşaqlar ödənişsiz təlimlərə davam edir və 6 həftəlik proqramın sonunda Akademiyanın məşqçi heyəti qolf üzrə ilk milli yığmaya seçim edəcəklər.
Qarşıda onları çətin olmaqla yanaşı, həm də əyləncəli bir yol gözləyir. Gələcək çempionlara müvəffəqiyyətlər arzu edirik!